Bölgələrdə vəhşi heyvanların insanlara hücumu artıb-rəsmi reaksiya

Son zamanlar bölgələrimizdə tez-tez yırtıcı heyvanların vətəndaşlara hücum etməsi xəbərlərinə rast gəlirik. Yırtıcı heyvanlar xüsusilə də cənub rayonlarında daha da azğınlaşıb. Belə ki, noyabrın 21-də Lənkəran rayonunda çaqqallar sakinlərə hücum edib. Hadisə rayonun Osaküçə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 58 yaşlı Südabə Əlibala qızı Həsənova, 60 yaşlı Bəxtiyar Şahhüseyn oğlu Həsənov, 37 yaşlı Rakif Balaxan oğlu Dövlətov və 1 yaşlı Cavid Ələmdar oğlu Hümmətov yırtıcı heyvanların hücumu nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Onlara quduzluq əleyhinə vaksin vurulub. Xəsarət alan S.Həsənovanın sözlərinə görə, bağda toyuq-cücə səsi eşidərək həyətə düşüb və çaqqalın ev quşlarını tələf etdiyini görüb. Bu zaman yırtıcı heyvan ona hücum edib: “Boğazımı dişləmək istəyirdi. Əllərimlə üzümü tutdum. Yerə yıxılıb sifətimi yerə dayadım. Evdəkiləri köməyə çağırdım”.
Çaqqal qadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Köməyə gələn onun həyat yoldaşı B.Həsənov da yırtıcı heyvanların hücumuna məruz qalıb. Çaqqal onun üzərinə tullanaraq sifətini dişləyib.
Eyni zamanda bu il oktyabrın 31-də də Lənkəranda 4 yaşlı uşaq çaqqal hücumuna məruz qalıb. Hadisə rayonun Şürük kəndində qeydə alınıb.
Belə ki, Səbuhi Əzizov gündüz vaxtı həyətdə yaşıdları ilə oynayarkən qəfildən kolluqdan çıxan çaqqal ona hücum edib. Səs-küyə həyətə çıxan ana uşağı çətinliklə də olsa çaqqalın caynağından xilas edə bilib.
Üzündən və ayağından xəsarətlər alan S.Əzizov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ancaq evə qaytdıqdan sonra ərazidən uzaqlaşmayan çaqqal yenidən onların və ətrafdakı digər insanların üzərinə də hücum çəkib.
Kənd sakinləri çaqqalın gündüz vaxtı yaşayış məntəqəsinin mərkəzində həyətlərə daxil olması ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər.
Sakinlər bildirirlər ki, yırtıcı heyvanların bu qədər çoxalmasının səbəbi, onların ovlanmasına qoyulan qadağadır. Bildirilir ki, bunun nəticəsində meşəlik ərazilərdə ayıların, canavarların da sayında artım var. Xüsusilə də canavarların da sayının artması, sakinləri qorxuya salıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Müsavat”a bildirilib ki, vəhşi heyvanlar kəndə və ya kiməsə hücum edərsə, bununla bağlı ərazi üzrə ekologiya idarələrinə müraciət etsinlər: “Belə müraciət daxil olan zaman regional ekologiya idarələri tərəfindən dərhal xüsusi qrup yaradılır. Həmin qrupa bələdiyyə, icra nümayəndəliyi, baytarlığın nümayəndəsi, peşəkar ovçular daxil edilir. Qrup şikayət edilən ərazilərdə reydlər keçirir. Bu o demək deyil ki, həmin qrupun üzvləri vəhşi heyvanları öldürə bilər. Xeyr. Həmin qrupun üzvləri günün müxtəlif saatlarında reydlər keçirərək canavarları və digər vəhşi heyvanları müxtəlif üsullarla ərazidən uzaqlaşdırır”.
Bildirilib ki, Azərbaycan 1999-cu ildən Avropada “Vəhşi təbiətin qorunması” Beynəlxalq Konvensiyasının üzvüdür: “Həmin Konvensiyaya görə, Azərbaycanda da canavarların ovlanması birmənalı şəkildə qadağandır. Bu ov qanun pozuntusu hesab edilir. Yəni təqib edib, vuranda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1000-2000 manat məbləğində cərimə edilir. Bu qanunun istisnası da var. Belə ki, canavar və yaxud hər hansı bir vəhşi heyvan insan həyatına təhlükə yaradırsa, yəni onun üzərinə hücum edirsə, son zərurət tədbiri kimi, yəni özünümüdafiə tədbiri kimi həmin heyvanı vura bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir. Canavarı təqib edib, vuranda ekoloji qanun pozuntusu hesab olunur.
Ovçuluğa dair qanunvericiliyə əsasən, çaqqalı ovçuluq bileti olan şəxslər Regional ekologiya idarələrindən ova icazə bileti almaqla il boyu ovlaya bilərlər".
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov hesab edir ki, yırtıcı heyvanların insanlara bu cür hücum etməsinin günahkarı, elə insanların özləridir: “Havalar soyuduqca, vəhşi heyvanlar aşağıya düşürlər. Çünki artıq yem bazası qalmayıb. Hər yer müxtəlif qurumlar tərəfindən zəbt edilib. Məsələn, Böyük Qafqazın ərazilərində dağlarda, meşələrdə obyektlər, turizm üçün yerlər tikildiyi üçün canlı aləm kənarda qalıb. Nəticədə vəhşi heyvanlar özləri üçün yer axtarırlar. Ac qaldıqları üçün də insanlara hücum edib, yeməyə çalışırlar. İnsanlar çalışıb, vəhşi heyvanların qarşısına çıxmasınlar. Xüsusilə də gecə saatlarında ehtiyatlı davransınlar”.
1122 dəfə oxundu