Tanınmış jurnalist Səbinə Əvəzqızının səhhəti ilə bağlı ölkə Prezidentinə MÜRACİƏT
Ölkənin media qurumlarının rəhbərləri, Mətbuat Şurasının sədri, bir neçə deputat, yazıçı və ictimai xadim tanınmış jurnalist, Lent.az saytının redaktoru Səbinə Əvəzqızının səhhəti ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.
Müraciətdə ölkə Prezidentinin həmişə jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirməsi vurğulanır: “Təsadüfi deyil ki, öz çıxışlarınızda jurnalistləri “ən yaxın köməkçiləriniz” adlandırmısınız. Siz Azərbaycan mediasında xidmətləri olan şəxslərin peşə fəaliyyətlərini daim yüksək qiymətləndirməklə yanaşı, sosial rifahlarına da dəstək olmusunuz. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərəncamlar imzalamısınız. Eyni zamanda, bu günə qədər səhhətində problemlər olan onlarla həmkarımız şəxsən Sizin və hörmətli Mehriban Əliyevanın sayəsində öz ailəsinə, sağlamlığına qovuşub.
Cənab Prezident!
Azərbaycan mediasında 25 ildən çoxdur fəaliyyət göstərən, Kəlbəcərdən olan məcburi köçkün ailəsi və iki övlad anası, Lent.az saytının redaktoru Səbinə Əvəzqızı, təəssüf ki, xərçəng xəstəliyinə tutulub. Çox təəssüf ki, Səbinə Əvəzqızı yalnız xəstəlik irəliləyəndən sonra belə bir problemi olduğunu bilib.
Səbinə Əvəzqızı müstəqil Azərbaycan mediasında imzası hörmətlə tanınan, ədalət və dürüstlük hissini unutmayan jurnalistdir. Mediada bir çox araşdırmaları ilə həmişə diqqət cəlb edib və qaldırdığı məsələlər dəfələrlə dövlət tərəfindən dəstəklənərək öz müsbət həllini tapıb.
Hələ tam başa çatdıra bilmədiyi evdə yaşasa da, heç vaxt dövlətə mənzil şəraitinin yaxşılaşdırılması və ya hər hansı mükafat üçün müraciət etməyib. Hazırda COVİD –19 pandemiyası ilə əlaqədar həyat yoldaşı işsiz olan jurnalistin 4 nəfərlik ailəsinin yeganə maddi dayağı işdən aldığı maaşıdır. Bu səbəbdən də böyük vəsait tələb edən xəstəliyinin müalicəsi onun maddi imkanı daxilində deyil.
Cənab Prezident!
Sizin və hörmətli Mehriban xanımın jurnalistləri daim diqqətdə saxlamağınız, onlara olan xüsusi diqqətiniz müqayisə olunmazdır. Biz - bu müraciəti imzalayan media rəhbərləri, ictimai xadimlər Sizdən müalicə üçün kəskin maddi dəstəyə ehtiyacı olan həmkarımız Səbinə Əvəzqızına dəstək olmağınızı xahiş edirik.
Həkimlərin dediyinə görə, jurnalistin müalicəsi, həyata dönməsi mümkündür. Bu işin həyata keçirilməsi üçün Sizdən dəstək xahiş edirik.
Biz jurnalistlərin dostu olaraq Sizlərə güvənirik, öncədən təşəkkür edirik.
933 dəfə oxundu