2026-cı ildə pensiyalar artacaq - Nazir
Fondun 2026-cı il üçün gəlirlərinin 79,2% və ya 6,6 milyard manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10% çoxdur”.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68%-ni təşkil edir.
“Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6% və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1% və ya 520,3 milyon manat artımla proqnozlaşdırılmışdır.
2026-cı ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş transfert məbləğindən 100 milyon manat və ya 6,3% çoxdur”.
O da qeyd edilib ki, dövlət büdcəsindən transfertin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildə 38%-dən 2026-cı ildə 20,4%-ə düşməsi proqnozlaşdırılır.
“Vurğulamaq istərdim ki, növbəti il üzrə dövlət büdcəsi xərclərinə dəstək göstərilməsi məqsədilə DSMF-nin 2026-cı il üçün büdcə layihəsində Fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 160 milyon manata yaxın məbləğdə vəsait növbəti ilin xərclərinə yönəldilir.
Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür” – deyə Anar Əliyev bildirib.
Onun sözlərinə görə, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.
“2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulmuşdur. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür.
Qeyd edək ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır”- deyə nazir çıxışı zamanı vurğulayıb.
29 dəfə oxundu











