Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib
Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə “HİDROGEO ARTEZYAN” MMC ilə 280.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 21.04.2026-ci ildə dərc edilib.Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə “HİDROGEO ARTEZYAN” MMC arasında Hüsənli kəndi 09/259,T-6 Qaynaq kəndi 09/219, Buruc kəndi 09/U-14,Qapanlı kəndi 09/130, Rəcəbli 09/321,Qazyan kəndi 09/400, 09/272, reper nömrəli subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kalonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) üzrə bir müqavilə də 30.06.2025-ci ildə bağlanılıb. Bu müqavilənin də dəyəri 280.000 manat təşkil edib. Bu müqavilə də bir mənbədən satınalma metodu tətbiq etməklə bağlanılıb.
Qeyd edək ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bir mənbədən satınalma metodu ilə müqailə bağladığı “HİDROGEO ARTEZYAN” MMC barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “HİDROGEO ARTEZYAN” (VÖEN: 2001697161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.03.2010-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR, ev.11, GİRİŞ 3, m.118, qanuni təmsilçisi kimi isə Babayev Ənvər Məmməd oğlu qeyd olunub. MMC-nin hazırkı günə 10 244.56 manat vergi var.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC-nin müvafiq lisenziya alması barədə məlumat yoxdu.
Maraqlıdır, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi lisenziyası belə olmayan bir MMC ilə bir mənbədən satınalma metodu ilə müqaviləni hansı əsaslarla bağlayıb? “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır. Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun digər meyarı tələbləri ilə üst-üstə düşürmü?
Bütün bunlara aydınlıq gətirilməsi məqsədi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasının üzvü, mühasibi Eldar Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, şirkətlə indi bağlanan müqavilə ötən il bağlanmış müqavilənin davamıdır. Şirkətin analoji işlərdə təcrübəsi və digər uygunluğu barədə sualımıza isə Eldar Məmmədov bildirdi ki, bizə nazirlikdən tapşırdılar ki, bu şirkətlə müqavilə bağlayaq.
Göründüyü kimi Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə analoji işlərdə heç bir təcrübəsi olmayan MMC ilə müqavilə bağlamağı yuxarıdan tapşırılıb.
Qeyd edək ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.
Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi isə Murad Zeynalovdur. O, bu vəzifəyə 2024-cü ilin sentyabrında təyin edilib.
Qeyd edək ki, son günlər Hesablama Palatası tərəfindən bir çox dövlət qurumlarında aparılmış yoxlamaların nəticələri barədə məlumatlar yayılır. Bəzi dövlət qurumları tərəfindən dövlət satınalmalarında yol verilən qanunsuzluqlar əsasən bir mənbədən satınalma metodunda aşkar edilib. Satınalmalarda bir mənbədən satınalma metodunu daha çox tətbiq edən qurumlar arasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli müəssisələr başda durur. Elə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasının üzvünün açıqlamasından da göründüyü kimi, Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinə tabeli idarələr dövlət satınalmasından daha çox yuxarıların sifarişi əsasında işləyir. Yüksək vəzifəli şəxslərin yaxınlarına məxsus, adı olub, özü olmayan şirkətləri qalib seçirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə ölkədə satınalmaların şəffaf keçirildiyini açıqlayır.
Aktualinfo.net
7 dəfə oxundu










