Limon niyə bahalaşdı? – Sitrusla bağlı Dövlət Proqramı icra edilməyib /TƏHLİL

Limon niyə bahalaşdı? –
“Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”qəbul edilmişdi. Qəbul edilmiş dövlət proqramının icra müddəti 2024-cü ildə başa çatdı. Sənəddə qeyd edilmişdi ki, “Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur”.

Dünyada sitrus meyvələri istehsalı

Qeyd etməliyəm ki, hazırda dünyanın 135 ölkəsində sitrus meyvələri istehsal edilir. İl ərzində dünyada təxminən 150 milyon tonadək sitrus meyvələri istehsal edilir. Dünya ölkələri sırasında Çin Xalq Respublikası ildə 46,6 milyon ton sitrus meyvələri istehsalı ilə 1-ci yerdə, Braziliya 18,8 milyon tonla 2-ci yerdə, Hindistan 14,3 milyon ton istehsalla 3-cü yerdədir. Azərbaycan isə dünya ölkələri sırasında ildə 59,9 min tonla 74-cü yerdədir. Rusiya Federasiyası (ildə 72,4 ton sitrus meyvələri istehsal edir) 133-cü yerdədir.

Region ölkələrdə isə sitrus meyvələri istehsalı əsasən Türkiyədə, İranda, Gürcüstanda geniş yayılmışdır. Türkiyədə il ərzində adambaşına 66,3 kiloqram, İranda 47,2 kiloqram, Gürcüstanda 16,5 kiloqram Azərbaycanda isə 6 kiloqram sitrus meyvələri istehsal edilir. Hər hektardan Türkiyədə 32,2 ton, İranda 28,1 ton, Azərbaycanda isə 16,7 ton sitrus meyvələri əldə edilir.

Göründüyü kimi admbaşına sitrus meyvələr istehsalına görə Azərbaycan Türkiyə ilə müqayisədə 11 dəfə, İranla müqayisədə 7,8 dəfə, Gürcüstanla müqayisədə 2,7 dəfə az məhsul istehsal edir. Hər hektardan əldə edilən məhsula görə də Azərbaycandan Türkiyədən, İrandan xeyli geridə qalır.

Qeyd etməliyəm ki, az da olsa, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələr də sitrus meyvələri istehsal edirlər. Sitrus meyvələri üzrə hər hektardan orta məhsuldarlıq Qazaxıstanda 15,6 ton, Özbəkistanda 10,8 ton, Tacikistanda 14,5 ton, Qırğızıstanda isə 17,5 ton təşkil edir.

Azərbaycanın Lənkaran, Astara rayonları sitrus meyvələri (naringi, portağal, feyxoa, limon) üzrə ixtisaslaşıb. Bu rayonlarda münbit torpaq-iqlim şəraiti, günəşli günlərin çox olması feyxoa, limon, portağal, kivi və naringi kimi meyvələrin yetişdirilməsinə imkan verir. Son zamanlar regionda sitrus bağlarının əraziləri genişləndirilir. Hətta son 10 il ərzində naringi, portağal, kivi sahələri 2 dəfədən də çox artırılıb.

Araşdırmalar göstərdi ki, respublikada sitrus bağlarını genişləndirmək mümkün olsa da, ağacların məhsuldarlığını artırmaq mümkün olmayıb, əksinə məhsuldarlıq xeyli aşağı düşüb. Misal üçün, limonun məhsuldarlığı 2000-ci illdə 169 sentnerdən 2023-ci ildə 115 sentnerə, portağalın məhsuldarlığı 236 sentnerdən 130 sentnerə, naringinin məhsuldarlığı isə son 5 ildə 271 sentnerdən 227 sentnerə düşüb.

Yuxarıda qeyd edildiyi kimi 2018-ci ilin fevral ayında “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib.

Dövlət Proqramının məqsədi

Qəbul edilən sənəddə Dövlət Proqramının məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarət olduğu qeyd edilib.

Proqramda məqsədə nail olmaq üçün sitrus meyvəçiliyinin inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi; sitrusçuluq sahəsində standartların təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması; sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi; infrastruktur təminatının yaxşılaşdırılması; innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi; yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi; sahədə fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi; sitrus meyvələri üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi; sitrus meyvələrin ixracının dəstəklənməsi və təşviqi; kimi vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdu.

Sitrus meyvəçiliyinin inkişafının əsas istiqamətləri

Dövlət proqramında Azərbaycanda sitrus meyvəçiliyinin inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur:

sitrus meyvə bitkilərinin əkin sahələrinin genişləndirilməsi;
sitrus meyvə bitkilərinin yetişdirilməsi üçün infrastruktur təminatının yaxşılaşdırılması;
sitrus meyvə bitkilərinin tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;
sitrus meyvələri istehsalı sahəsində müasir texnika ilə təminatın gücləndirilməsi;
sitrus meyvələrinin rəqabət qabiliyyətinin artırılması və ixracının təşviqi, sahə standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması.



Dövlət Proqramının icrasından gözlənilən nəticələr

Qəbul edilmiş sənəddə qeyd edilib ki,” Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək”.

Sənəddə hədəf də müəyyən edilib: “Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur”.

Dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planı hazırlanıb. Həmin planda sitrus meyvəçiliyinin infrastruktur təminatının yaxşılaşdırılacağı, yəni “sitrus meyvə bağlarının su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisi nəzərdə tutulmuşdu.

Planın digər bəndində isə “sitrus meyvə istehsalçılarının yerli və beynəlxalq bazarlarda marketinq fəaliyyətinin dəstəklənməsi, sitrus meyvələri ixracının təşviqi, sitrus məhsulları üzrə ölkə və beynəlxalq əhəmiyyətli sərgi, yarmarka, konfrans, festivallarda iştirak, qabaqcıl nailiyyətlərə görə mükafatlandırma və digər tədbirlərin həyata keçirilməsi” kimi tədbirlərin keçirilməsi qarşıya məqsəd kimi qoyulmuşdu.

Qeyd etməliyəm ki, bəzi sitrus meyvələrin istehsalı dövlət proqramının qəbulundan əvvəl daha yüksək olub. Belə ki, 2000-ci ildə ölkədə 6402 ton limon istehsal edildiyi halda, 2023-cü ildə bundan 252,4 ton az, yəni 6149,6 ton limon istehsal edilib. Feyxoa istehsalı isə son 10 il ərzində 120,4 ton azalaraq 2013-cü ildə 14055,8 tondan 2023-cü ildə 13935,4 tona düşüb.

Araşdırmalar göstərdi ki, dövlət proqramının qəbulundan sonra sitrus bitkilərinin məhsuldarlığını artırmaq və əvvəlki səviyyəyə çatdırmaq mümkün olmayıb. Belə ki, limonun məhsuldarlığı 2000-ci ildə hər hektardan 163,7 sentner olduğu halda, 2023-cü ildə bu göstərici 48,7 sentner az, yəni 115 sentner olub. Feyxoanın məhsuldarlığı son 10 ildə 139,5 sentnerdən 110,8 sentnerə qədər azalıb. Portağalın məhsuldarlığı 20 il əvvəl 257, 8 sentner təşkil etmiş, 2023-cü ildə isə həmin göstəricidən 2 dəfəyə yaxın azalaraq 130,4 sentnerə enib.

Naringinın məhsuldarlığı 10 il əvvə 270,9 sentner təşkil etdiyi halda, 2023-cü ildə 227,0 sentnerə düşüb.

Onu da qeyd etməliyəm ki, naringinın, feyxoanın, portağalın məhsuldarlığı qəbul edilmişd dövlət proqramının icrası müddətində də aşağı düşüb.

Beləliklə, 6 il 7 ay əvvəl qəbul edilmiş “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icra müddəti bu il başa çatır.

Proqramda 2025-ci ilədək, yəni 2024-cü il daxil olmaqla ölkədə sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulub. Qeyd etməliyəm ki, 2023-cü ildə ölkədə 78,7 min ton sitrus meyvələri istehsal edilib. Apardığımız hesablamalara görə, 2024-cü ildə sitrus meyvələr istehsalı əvvəlki ilə nisbətən təxminən 10 min tonadək azalıb. Yəni 2024-cü ildə dövlət proqramında nəzərdə tutulan göstəricidən 30 min ton az məhsul istehsal edilib.

Dövlət Proqramında “sitrus meyvə bağlarının su təminatının yaxşılaşdırılması” nəzərdə tutulsa da, fermerlər, kəndlilər bu istiqamətdə bir irəlləyişin olmadığını deyirlər.

Proqramda qarşıya qoyulan məqsədlərdən biri də “sitrus meyvə bitkilərinin əkin sahələrinin genişləndirilməsi” olub. Görünür proqramı hazırlayanlar respublikada sitrus meyvəçiliyinin mövcud durumunu dərindən araşdırmamış və bazar iqtisadiyyatının əsas prinsiplərini nəzərə almamışlar. Azərbaycanda sitrus bitkilərinin məhsuldarlığı aşağı olduğu üçün əkin sahələrinin genişləndirilməsi deyil, məhsuldarlığın artırılması prioritet hədəf olmalı idi. Yəni sahəni inkişaf etdirmək üçün ekstensiv deyil, intensiv yol seçilməli idi. Və dövlət proqrqmının tədbirlər planında sitrus bitkilərinin məhsuldarlığının artırılması istiqamətləri müəyyən edilməli, görüləcək tədbirlər göstərilməli idi.

Hesab edirəm ki, proqramın icrasını təmin edə bilməyən dövlət qurumları və şəxslər ictimaiyyət qarşısında hesabat verməlidirlər.

Vahid Məhərrəmov

İqtisadçı ekspert



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...