Azərbaycanda “Temu” alıcılarını nə gözləyir? – İki ssenari var
Hökumət hansı üsula əl ata bilər? Limit azalacaq yoxsa “Temu”da qiymətlər bahalaşacaq?
GUNDEMİNFO xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rövşən Muradov deyib ki, “Temu” və digər xarici elektron ticarət platformalarının Azərbaycan bazarında sürətlə genişlənməsi daxili ticarətdə rəqabət şərtlərinin yeni iqtisadi reallıqlara uyğun tənzimlənməsini zəruri edir:
“Yerli sahibkar məhsul idxal edərkən gömrük, vergi, logistika, sertifikatlaşdırma və satış infrastrukturu üzrə öhdəliklər daşıyır, xaricdən aylıq 300 dollaradək şəxsi sifarişlər isə güzəştli qaydada rəsmiləşdirilir. Sifarişlərin həcmi genişləndikcə bu fərq fərdi alış çərçivəsini aşaraq yerli ticarət dövriyyəsinə, məşğulluğa, sahibkarlığın maliyyə dayanıqlığına və büdcə daxilolmalarına təsir göstərir. Buna görə dövlətin əsas vəzifəsi elektron ticarətin inkişafını məhdudlaşdırmadan, milli sahibkarlığın qanuni mənafelərini və vətəndaşların əlverişli qiymətlərlə məhsul əldə etmək imkanlarını vahid iqtisadi tarazlıq daxilində qorumaqdır. Hazırda 300 dollarlıq gömrük həddinin 50 dollara endirilməsi barədə rəsmi qərar açıqlanmayıb. Belə dəyişiklik yalnız “Temu”ya şamil olunmayacaq, “Trendyol”, “AliExpress”, “Amazon”, “Shein” və digər xarici mənbələrdən edilən bütün şəxsi sifarişlərə təsir göstərəcək. Həddin kəskin azaldılması gömrük bəyannamələrinin sayını artırmaqla inzibatçılıq yükünü ağırlaşdıra, sifarişlərin müxtəlif şəxslərin adına bölünməsinə şərait yarada və vətəndaşların seçim imkanlarına təsir edə bilər. Bu səbəbdən qərar qəbul edilərkən yerli sahibkarlığın maraqları ilə yanaşı, istehlakçı davranışı, gömrük sisteminin texniki imkanları və büdcə səmərəliliyi də əhatəli şəkildə qiymətləndirilməlidir”.
Deputat bildirib ki, beynəlxalq təcrübədə daha işlək üsul verginin bağlama sərhədə çatdıqdan sonra vətəndaşdan tutulması əvəzinə, alış anında platformanın hesablamasıdır:
“Avropa İttifaqının (Aİ) IOSS sistemi və OECD-nin platforma əsaslı vergi modeli bu yanaşmanın şəffaflığı artırdığını, milyonlarla kiçik bağlamanın fərdi qaydada vergiyə cəlb edilməsindən yaranan inzibati yükü azaltdığını göstərir. Azərbaycan üçün də daha məqsədəuyğun istiqamət “Temu” və oxşar platformaların ölkədəki dövriyyəsinin uçota alınması, verginin satış zamanı hesablanaraq büdcəyə ödənilməsi, yekun qiymətin əvvəlcədən alıcıya göstərilməsi və məhsul təhlükəsizliyinə görə platformanın məsuliyyət daşımasıdır. Belə mexanizm qiymətlərdə müəyyən artım yaradacaq, lakin platformaların endirim, komissiya və logistika siyasəti nəzərə alındıqda artımın tam vergi yükü həcmində baş verməsi gözlənilmir. Bu model bazarda bərabər rəqabət şərtləri formalaşdırar, yerli sahibkarın mövqeyini gücləndirər, istehlakçının hüquqlarını qoruyar və elektron ticarətin dövlətin iqtisadi mənafelərinə uyğun, şəffaf əsaslarla inkişafını təmin edər”.
7 dəfə oxundu











