Kino İttifaqında “ağlamalı” vəziyyət – Bu gün saat 15:00-da...
“Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvlərinin nəzərinə! Azərbaycan Kinematoqrafçılar İttifaqının düşdüyü böhran vəziyyətin müzakirəsi və Konfransın keçirilmə tarixinin təyin edilməsi üçün İdarə Heyətinin iclası iyulun 30-u saat 15:00-da AKİ-də keçiriləcək. Ünvan: Bülbül prospekti 30”.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Buna səbəb mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarların Ədliyyə Nazirliyində təsdiqlənməyib. Keçirilən qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarovun AKİ-nin yeni sədri seçildiyi elan olunsa da, bir sıra tanınmış kino və incəsənət xadimləri səsvermənin legitimliyini qəbul etməmişdilər.
Bəs AKİ-də kino böhranı necə həll oluna bilər? İttifaqın əsas problemi nədən ibarətdir? Ölkədə yaxşı filmlərin çəkilmədiyi bir dövrdə AKİ-də nəyi bölüşə bilmirlər?
Şeyx Əbdül: “Bu müharibə deyil, xəyanətdir və şeytan əməlidir” – ÖZƏL | KONKRET
Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov məsələ ilə bağlı Musavat.com-a danışıb: "Məlum olduğu kimi, mayın 26-da ittifaq konfrans keçirdi, guya sədr də seçdilər. Lakin Ədliyyə Nazirliyi bunu təsdiq etmədi, konfransda qəbul olunan bütün rəsmi sənədləri qeyri-qanuni saydı. Bəs indi nə istəyirlər? Üstəlik, ittifaqda çox ciddi qanun pozuntularına da yol verilib. Hesablama Palatası apardığı yoxlamalar zamanı çoxsaylı qanun pozuntuları aşkar edib və materialları hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərib. Yaxşı olardı ki, bu qədər həngamədən sonra məruzə ilə çıxış edib baş verənlərə aydınlıq gətirəydilər, bununla da vəziyyət sakitləşərdi. Amma görünən odur ki, onlar yenidən konfrans keçirmək istəyirlər. Hətta gediblər Şəfiqə Məmmədovanın yanına. Şəfiqə xanım da onlara deyib ki: “Gedin müalicə alın, ağlınız yerində deyil””.
Şeyx Əbdül bu gün keçiriləcək iclasda iştirak etməyəcəyini deyib. O, həmçinin kino xadimlərinin də ittifaqın bütün tədbirlərini boykot etdiyini deyib: "Qeyri-legitim konfransda, qeyri-legitim tədbirdə niyə iştirak etməliyik? O ki qaldı ittifaqda bu böhranı necə aradan qaldırmaq olar, sədr olmağı haqq etməyənlər, iddia irəli sürənlər başa düşməlidirlər ki, bir araya gəlməlidirlər. O qədər təkəbbürlü, o qədər özlərindən razıdırlar ki... Halbuki kinoya heç bir xidmətləri olmayan adamlardır. Sadəcə, nə vaxtsa kiçik sənədli işlər, verilişlər hazırlayıblar.
Beləliklə, kino ictimaiyyəti bir araya gəlməlidir. Daha sonra Kinostudiya bərpa olunmalıdır. Kinostudiyanın bərpasında peşəkar, nüfuzlu, tanınan, şəxsiyyəti olan kino xadimləri iştirak etməlidirlər. Camaat içində, ictimaiyyətdə, dövlət yanında tanınmayan, qəbul olunmayan adamlar necə iş görə bilərlər? Nəyi düzəldə bilərlər? Bunlar heç özlərini düzəldə bilmirlər. Kinonu necə düzəldəcəklər? Bütün bu qarşıdurmalar, çox təəssüflər olsun ki, şəxsi qərəzdən yaranıb. Bu, şəxsi ambisiyalardan irəli gələn məsələdir. Allah rəhmət eləsin, Rasim Balayevin xəstə olmasından sui-istifadə etdilər və elə bildilər ki, bu vəziyyət həmişə belə davam edəcək.
Rasim Balayev dünyasını dəyişəndən sonra isə sədr olmaq istədilər. Ataların bir sözü var: iştah diş altındadır. Gördülər ki, belə bir şərait yaranıb, səs çıxaran da yoxdur. Dedilər, elə sədr də olarıq, buranı çapıb-talayarıq, kinostudiyanı da dağıdarıq. Nəticədə isə çox böyük qarşıdurma və parçalanma yaratdılar".
Əli İsa Cabbarov: Televiziyalar Azərbaycan kinosu hesabına reklam cəlb edir, amma bu gəliri bölüşmək istəmirlər – AKI
Rejissor Əli İsa Cabbarov isə bu gün keçiriləcək iclasla bağlı Musavat.com-a açıqlamasında deyib: "Hüquqi baxımdan təşkilatın sədri olmalıdır. Bu, elementar hüquqi tələbdir. İlk 40 gün ərzində mərhum Rasim Balayevin hüzr mərasiminin başa çatmasını gözlədik. Bundan sonra İdarə Heyəti yekdilliklə konfransın keçirilməsi barədə qərar verdi, konfransın vaxtı və yeri müəyyən olundu. Sadəcə olaraq, namizədlərlə bağlı müzakirələr yarandı və yenə də səs çoxluğu ilə qərar qəbul edildi. Lakin yetərsay olmadığı üçün qərar qüvvəyə minmədi. Buna görə də Azərbaycan Kinematoqrafçılar İttifaqının hüquqşünası Yusif müəllim İttifaqın rəhbərliyinə, birinci katibinə bildirib ki, təcili şəkildə İdarə Heyətinin iclası çağırılmalı, növbəti konfransın tarixi təsdiqlənməli və konfrans keçirilməlidir.
Bu, həm "İctimai Təşkilatlar haqqında" Qanunun, həm də Azərbaycan Kinematoqrafçılar İttifaqının nizamnaməsinin tələbidir. Hətta onu da deyim ki, aidiyyəti dövlət orqanları da Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibinə bildiriblər ki, təcili İdarə Heyətinin iclası çağırılmalı və konfransın tarixi müəyyən edilməlidir. Burada məsələ çox sadədir: nizamnamənin tələbinə əsasən, konfransın vaxtını İdarə Heyəti təyin etməli, konfrans keçirilməli və sədr seçkisi baş tutmalıdır. Vəssalam. İdarə Heyətinin iclasının gündəliyində cəmi bir məsələ var – konfransın tarixinin müəyyən edilməsi".
"Bəs bu dəfə də yetərsay təmin olunmasa, yenidən böhran yaransa, vəziyyət necə olacaq" sualına cavab olaraq, Əli İsa Cabbarov qeyd edib ki, belə bir təhlükə var:
"Hətta İdarə Heyətinin sabah (bu gün – red.) keçiriləcək iclasında da yetərsayın olmaması riski mövcuddur. Kim bu cür addımlar atırsa, həm nizamnamə, həm də "İctimai Təşkilatlar haqqında" Qanun qarşısında məsuliyyət daşıyır. Belə hərəkətlərə yol vermək olmaz.
Seçkilərdə hər kəs aktiv iştirak etməli, istəyən hər bir şəxs namizədliyini irəli sürməli və səsvermədə iştirak etməlidir. Mən də buna görə bütün tərəflərə müraciət etdim ki, Cəmil Quliyev, Vaqif Mustafayev də namizədliklərini versinlər. Onlar da İttifaqa rəhbərlik etməyə layiq insanlardır. Mən istərdim ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında alternativ seçkilər keçirilsin. Buna görə də alternativ seçkilərə çağırış edirəm və öz namizədliyimi də geri götürmürəm. Namizədliyim qüvvəsindədir.
Nizamnamənin tələblərinə uyğun olaraq təcili konfrans keçirilməli və seçki baş tutmalıdır. Mən hazırlaşmışam ki, prosesi sıfırdan başlayıb davam etdirək. Yəni elə qəbul edək ki, konfrans hansısa şər, böhtan və ya şantaj nəticəsində deyil, obyektiv səbəblərdən baş tutmayıb. Həmin gün güclü dolu da yağmışdı. Beləliklə, yetərsay obyektiv səbəblərdən təmin olunmadı. İndi növbəti konfransı keçirməliyik. Təəssüf ki, seçkidə qalib gələcəyinə əmin olmayan bəzi tərəflər həm İdarə Heyətinin iclasını uzadır, hətta onu pozmağa çalışır, həm də konfransın keçirilməsini gecikdirirlər. Halbuki bu, qanunsuzluqdur. Mütləq şəkildə İdarə Heyəti təcili olaraq konfransın tarixini müəyyən etməlidir. Nizamnamədə bunun başqa yolu da nəzərdə tutulub. Əgər İdarə Heyətinin qərarı ilə konfransın tarixini müəyyən edə bilməsək, İttifaq üzvlərinin üçdə birinin müraciəti əsasında konfrans çağırılacaq. Yəni belə bir hüquqi mexanizm də mövcuddur.
Onu da qeyd edim ki, İdarə Heyətinin qərarlarına və İttifaqın nizamnaməsinə zidd hərəkət edən İdarə Heyəti üzvləri təşkilatdan xaric edilmək təhlükəsi ilə üz-üzə qala bilərlər. Çünki sən təşkilatın üzvü olub, eyni zamanda, onun nizamnaməsinə və maraqlarına qarşı fəaliyyət göstərə bilməzsən. Bu gün mənim atdığım addımları kimlərsə yanlış qiymətləndirə və hətta satqınlıq kimi təqdim etməyə çalışa bilər. Amma mən yenə də eyni mövqedəyəm və hər kəsi əməkdaşlığa dəvət edirəm. Azərbaycan Kinematoqrafçılar İttifaqının birliyi və fəaliyyətinin davamlılığı son dərəcə vacibdir. Bütün kino ictimaiyyəti etiraf edir ki, hətta mənim namizədliyimə qarşı olan insanlar da bildirirlər: bəli, Əli İsa Cabbarovun fəaliyyəti, təşkilatçılıq bacarığı var, çoxsaylı layihələr həyata keçirib və bu işlər davam edir. Hətta mənim sədr olmağımı istəməyənlər belə deyirlər ki, başqa biri sədr olsun, Əli İsa da onun yanında fəaliyyət göstərsin.
Mən hamını öz məqsədi uğrunda səmimi mübarizəyə çağırır, həmkarlarını şantaj etmək kimi üsullardan uzaq durmağı tövsiyə edirəm. Çünki 2012-ci ildə İttifaq iki yerə parçalananda bütün bunları yaşadıq və nəticəsinin necə olduğunu da gördük. Sonradan İttifaq yenidən birləşdi və Rasim müəllim onun sədri oldu. Həmin dövrdə aparılan qarayaxma kampaniyaları da heç nəyi dəyişmədi. Rüstəm İbrahimbəyov bu gün Fəxri Xiyabanda böyük hörmətlə anılır, xatirələrdə isə görkəmli kino və ədəbiyyat xadimi kimi yaşayır. Bu gün də süni gərginlik yaratmağa ehtiyac yoxdur. Mən bir daha deyirəm ki, məndən daha təcrübəli, daha yaşlı, fəxri adlara malik insanlar var. Onlar mənimlə rahat şəkildə rəqabətə girə və asanlıqla da qalib gələ bilərlər. Mən onların hamısını seçkiyə dəvət edirəm. Gəlin səs verək, nəticələri elan edək və bir-birimizi təbrik edək. Başqa yol yoxdur".
8 dəfə oxundu











