Neft sürətlə ucuzlaşır, Azərbaycanı nə gözləyir?
ABŞ prezidenti Donald Tramp ilə Volodimir Zelenski arasında görüş nə qədər gərgin keçsə də, dünya yeni iqtisadi düzənə hazırlaşır.
ABŞ və Ukrayna arasında davam edən danışıqlar, Rusiya ilə sülh razılaşması perspektivlərini artırıb.
Bu da potensial olaraq sanksiyaların ləğvinə və neft tədarükünün artmasına gətirib çıxarıb. Hazırda OPEC+ üzvü olmayan ölkələr, xüsusən də ABŞ neft hasilatını artırmağa davam edir.
Ötən həftə dünya birjalarında neftin sürətlə dəyər itirdiyinin şahidi olduq.
- 20 fevral 2025-ci il tarixində Brent neftinin orta qiyməti 76,9 dollar
- 25 Fevral 2025: Brent nefti təqribən 73 dollar
- 27 Fevral 2025: Təchizatla bağlı təhlükələr və geopolitik qərarlar fonunda Brent nefti 72,77 dollar
Azərbaycan da neft ixracatından və qiymətlərdən asılı olduğuna görə, iqtisadiyyatı tez təsirlənən ölkələr sırasındadır. Azərbaycanın karbohidrogen sektoru 2024-cü ildə nominal ÜDM-nin təqribən 40%-ni təşkil edib.
2025-ci ildə də Azərbaycanda ÜDM-u əsasən neft və qaz gəlirləri formalaşdıracaq(67%). Bu formalaşma da neft və qaz qiymətlərindən ciddi şəkildə asılıdır desək yanılmarıq.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Energetika Nazirliyinin məlumatına görə Azərbaycanda 2024-cü ildə 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
2024-cü ildə 24,4 milyon ton neft (kondensat ilə birlikdə) ixrac edilib.
Yəni daha çox xam neft və kondensatı ixrac edilib, hasilatın 81 faizindən çoxunu dərhal xaricə satmışıq.
Vacib statistika:
- 2023-cü ildə 30,2 milyon ton (kondensatla birlikdə) ,
- 2022-ci ildə 32,6 milyon ton,
- 2021-ci ildə 34,6 milyon ton neft hasil edilmişdi.
Göründüyü kimi həm hasilat azalır, həm də qiymətlər aşağı düşür. Belə olan təqdirdə 2025-ci ildə Dövlət Büdcəsinin idarə edilməsi ilə bağlı hansı risklər var? Əsasən iri investitsiya layihələrinin təxirə salınması və ya sosial xərclərin maliyyələşdirilməsi riskləri yaranır. Hökumətin qərarı necə olacaq?
Cari ilin büdcəsində neftin qiyməti 70 dollar müəyyən edilib. Məhz bu qiymətdən əldə edilən vergilər, ixracat və hasilat xərcləri cari dövr üçün müəyyən edilib. Büdcə icmalında da məhz 70 dollar üzərində gömrük rüsumları və ixracat üzrə ƏDV proqnozlaşdırılıb.
Konkret ifadə etsək, neftin 1 barreli 70 dollardan aşağı hər 1 dollar üçün əlavə çətinliklərin yaranması deməkdir.
O zaman hansı çətinliklər yaranacaq?
Bu il üçün büdcə kəsiri arta bilərmi?
Mövcud qanunvericiliyə əsasən, il ərzində Milli Məclis dövlət büdcəsinə iki dəfədən çox baxa bilməz. Yəni böyük ehtimalla ikinci şans ilin birinci yarısında istifadə ediləcək.
Neftin qiyməti aşağı düşməkdə davam etsə, yaranan kəsir ehtiyat valyuta hesabına ödəniləcək. Başqa bir variant isə odur ki, hansısa layihələrin icrasında problemlərin yaranacağı təqdirdə əsas üstünlük daha zəruri layihələrə verilə bilər.
Unutmayaq ki, Azərbaycanın dövlət büdcəsi əsasən Dövlət Neft Fondunun vəsaitləri hesabına formalaşır.
ARDNF-nin isə vəsaitlə bağlı problemi yoxdur. Bu baxımdan neftin qiyməti minimuma qədər azalsa da, transferlərdə problem olmayacaq.
Neftin qiyməti aşağı düşməkdə davam etsə, yaranan kəsir ehtiyat valyuta hesabına ödənilə bilər. Və ya Azərbaycan son zamanlarda artırdığı qızıl ehtiyatlarından istifadə edə bilər. Bu təcrübə Norveçdə sınaqdan keçirilib. Hazırda əsas çıxış yolu Neft Fondudur.
Dövlət Neft Fondu da bir növ hökumətin təhlükəsizlik yastığı rolunu oynayacaq. Fond əsasən bu cür proseslərdə qorunmaq üçün xüsusi vasitədir.
Əgər neftin orta illik qiyməti büdcədə nəzərdə tutulan qiymətdən kəskin şəkildə aşağı düşərsə(real proqnozdan 15 dollar azalma kritik səviyyə hesab edilir red), yəqin ki, kəsirin ödənilməsi üçün hökumət prezidentə müraciət edəcək.
Faktiki vəziyyət ondan ibarətdir ki, neftin qiymətinin düşməsi neft şirkətlərinin gəlirlərinin azalmasına və onların vergi ödəmələrinin kəskin azalmasına gətirib çıxara bilər.
Düzdür cari ildə neft 50 dollara qədər ucuzlaşsa belə Azərbaycan vətəndaşları bunu hiss etməyəcək. Lakin prosses davamlı olaraq bir neçə il davam edərsə, o zaman ciddi iqtisadi problemlərin yaranacağı qaçılmazdır.
Yekun olaraq, neftin ucuzlaşması uzunmüddətli olmaya bilər. Çünki İran və Rusiya neftini tankerlərlə Çinə satmaqda davam edir. Hətta ixracat son aylarda artırılıb.
ABŞ Çin və İrana iqtisadi basqıları artırdıqca, təbii immunitet formalaşır, daha çox tədarük zənciri formalaşır. Eyni zamanda OPEC+ dövlətləri də günlük hasilatı artırmaq haqqında razılığa gələ bilmirlər. Bu isə ümidvericidir. ABŞ bazara uzunmüddətli çox neft təqdim edə bilməyəcək. Çünki mövcud ehtiyatları ən yaxşı halda bazara 6 ay təsir edə bilər…
ABŞ-ın Strateji Neft Ehtiyatı (SPR) 2025-ci ilin əvvəllərində təxminən 350 milyon barel civarında olacaq.
Tramp komandası bu ehtiyatdan gündə təqribən 1 milyon barel bazara çıxarmağa qadirdir, lakin bu, fövqəladə vəziyyətlərdə artırıla bilər. Məsələn, 2022-ci ildə neft qiymətlərini sabitləşdirmək üçün ABŞ gündəlik 1 milyon barel çıxarmağa başlamışdı və bu, aylarla davam etmişdi. Lakin qiymətlər bir barrelə görə 3.77 dollardan çox ucuzlaşmamışdı.
Bununla belə Tramp sərt qərar verərək bazara daha çox neft çıxara bilər ki, bu da nəticədə qiymətlərin kəskin ucuzlaşmasına səbəb ola bilər. Unutmayaq ki, ABŞ həmçinin öz daxili hasilatı ilə gündəlik 12-13 milyon barel neft istehsal edir ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.
Deməli hazır olmalıyıq. Daha real mənzərə və gözlənilən riskləri nəzərə alaraq Azərbaycan da qarşıdakı bir il üçün iri investitsiya layihələrini ertələməlidir.
Razi Abasbəyli
iqtisadçı-ekspert
88 dəfə oxundu