YAP-çı deputat Əli Kərimlini dəstələyir?
“Yeni Sabah” bildirir ki, “Əli Kərimli son bir ildə dünya mətbuatında zəfər yürüşündədir” adlı məqalədə partiya sədri haqda çoxsaylı təriflərə yer verilib. Məsələn “Böyük təfəkkürü, dərin düşüncəsi, tükənməz enerjisi, dəmir iradəsi ilə demokratiya uğrunda döyüşən lider kimi tanınmış Əli Kərimlinin daha böyük uğurları hələ qabaqdadır” kimi mübaliğələrdən istifadə olunub.
Yazı “son dərəcə ağır şəraitdə parlaq mübarizə tarixi yaratmış Əli Kərimli fenomeni budur!” fikri ilə başa çatır.
Maraqlı olan AXCP sədri haqda məqalənin yazılması və ya sosial şəbəkədə paylaşımı deyil, Yeni Azərbaycan Partiyasının üzvü, YAP xətti ilə 55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədlinin bu paylaşıma reaksiyasıdır. Belə ki, deputat F. Qəhrəmanlının Ə. Kərimli ilə bağlı paylaşımını bəyənib və bu izləyicilərdə təəccüb yaradıb.
Deputat Müşfiq Məmmədlinin reaksiyasını öyrənmək üçün KONKRET.az-ın əməkdaşı onunla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında millət vəkili bildirib ki, bu məsələdə təxribat elementləri var və tamamilə feyk məlumatdır:
“Mən bu məsələni araşdırıram. Qeyd edim ki, sosial şəbəkə hesablarım köməkçilərim tərəfindən idarə olunur. Bütün hallarda hesab edirəm ki, bu mənə qarşı hazırlanan bir təxribatdır. YAP üzvü kimi mən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər ALi Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyirəm, Ulu Öndərin siyasi kursuna daim sadiqəm və bu, hər zamən belə də davam edəcək. Əli Kərimli və onun komandasını isə Azərbaycanda bir müxalifət yox, düşmən kimi görürəm. Ona görə də mənim tərəfimdən onun statusunu bəyənmək kimi bir halın baş verməsi, əlbəttə, qeyri-mümkündür. Bir daha bəyan edirəm ki, media bu cür məlumatı dərc edərkən tələsməməli və mənim mövqeyimi öyrənməli idi”, – deyə Müşfiq Məmmədli vurğulayıb.
25 dəfə oxundu











