Bakı nota verdi: Kreml siyasətini dəyişəcək?
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanın Rusiyaya bu gün nota təqdim etməsi haqda qeyd edib.
“Bu dəfə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfirinə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin açıqlamasına görə nota verilib. Zatulin rus və erməni şovinist dairələrə məxsus “Lazarev Klubu” vasitəsilə yaydığı bəyanatda Azərbaycanda törətdikləri cinayətlərə görə məhkum olunan erməni separatçılarına dəstək ifadə edib. Bəyanatda Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin əleyhinə ifadələr də yer alıb.
Zatulin hakim Vahid Rusiya Partiyasının üzvüdür. Partiya rəhbərliyi öz üzvünün Azərbaycan əleyhinə açıqlama və onun imzasıyla yayımlanan bəyanatlara reaksiya vermirsə, onu tənbeh etmirsə, deməli, Kreml Zatulinin bu fəaliyyətindən məmnundur. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı bu cümləylə bitib: “Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb”.
Kreml heç bir tədbir görməyəcək, çünki Zatulin kimilərdən faydalanmağa üstünlük verir. Rusiyanın siyasətində dəyişiklik olmayacaq.
Həmişəki kimi, bir-birinə düşmən mövqedə olan Zatulinlərlə Qərbin bəzi mərkəzləri erməni separatçılara dəstək məsələsində yenə eyni mövqedən çıxış ediblər”, - o bildirib.
4 dəfə oxundu











