Ermənistana təcili 50 milyon avro ayrıldı - Nə baş verir?

Ermənistana təcili 50 milyon avro ayrıldı - Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda bu ölkəyə 50 milyon avrodan çox həcmdə təcili yardım paketinin hazırlandığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra bildirib ki, Moskvanın son addımları iqtisadi təzyiq xarakteri daşıyır.

“Baş nazir Nikol Paşinyanla Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi son məhdudiyyətləri müzakirə etdim. Bu, açıq şəkildə iqtisadi məcburetmədir və qəbuledilməzdir. Ermənistan məhsullarına tətbiq olunan ixrac məhdudiyyətlərini uzatmaqla Moskva iqtisadi əlaqələrdən siyasi təzyq vasitəsi kimi istifadə edir. Biz bu taktikanı yaxşı tanıyırıq. Məhz buna görə də Avropa Ermənistanın yanında dayanır”, – deyə fon der Leyen vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqının hazırladığı dəstək paketi 50 milyon avrodan çox təcili maliyyə yardımını əhatə edir. Bundan əlavə, Ermənistanın bəzi məhsulları, xüsusilə kənd təsərrüfatı və ərzaq sektoruna aid mallar üçün ticarət prosedurlarının sadələşdirilməsi də nəzərdə tutulur.

Avropa Komissiyasının sədri əlavə edib ki, Aİ İrəvanda keçirilən son sammitdə əldə olunan razılaşmalar çərçivəsində Avropa və Ermənistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsini davam etdirəcək.

Fon der Leyen qeyd edib ki, bu təşəbbüslərin gələcək icrası iyunun 23-də keçiriləcək qarşılıqlı əlaqələr platformasının nazirlər səviyyəsində toplantısında müzakirə olunacaq.

“Bütün istiqamətlər üzrə koordinasiyanı təmin etmək üçün Aİ-Ermənistan birgə işçi qrupunun yaradılması barədə razılığa gəldik. Bu qurum həm mövcud təşəbbüslərin, həm də gələcək addımların icrasına nəzarət edəcək”, – deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...