Qazaxın 4 kəndi Azərbaycana bu tarixdə qaytarıla bilər
Bəs bu addım yaxın vaxtlarda reallaşa bilərmi?
GUNDEMİNFO xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, Paşinyanın seçkilərdə yenidən qalib gəlməsi Ermənistan–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması üçün siyasi zəmin yaradır.
Onun sözlərinə görə, bu şəraitdə Qazax rayonuna aid 4 kəndin Azərbaycana qaytarılması perspektivi əvvəlki dövrlərlə müqayisədə daha real görünür:
“Paşinyanın Qərbin dəstəyi ilə hakimiyyətdə qalması Ermənistanı sülh sazişinə daha da yaxınlaşdırır. Bu isə sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətlənməsinə təkan verə bilər. Qazaxın həmin kəndləri sovet dövründə inzibati baxımdan Azərbaycana aid olub və onların qaytarılması hüquqi əsaslara söykənir”.
Politoloq hesab edir ki, kəndlərin qaytarılması Paşinyan hakimiyyəti üçün həm də siyasi mesaj xarakteri daşıya bilər:
“Bu addım Ermənistan rəhbərliyinin Qərbə loyal siyasət yürütmək niyyətinin göstəricisi və regionda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş jest kimi qiymətləndiriləcək”.
Əgər Moskva bu prosesdən kənarda qalarsa, Ermənistanın Qərbə inteqrasiyası daha da sürətlənəcək. Rusiya isə belə bir ssenariyə qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə etməyə çalışa bilər.
Kəndlərin qaytarılması Azərbaycan üçün yalnız ərazi bütövlüyü məsələsi deyil.
Bu, həm tarixi ədalətin bərpası, həm də sülh sazişinin konkret nəticəsi kimi qiymətləndiriləcək. Eyni zamanda Azərbaycanın sülh təşəbbüslərinin effektivliyini nümayiş etdirəcək”.
Politoloq əlavə edib ki, belə bir qərar Cənubi Qafqazda etimad mühitinin formalaşmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və iqtisadi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərə bilər.
Aydın Tağıyevin qənaətinə görə, Qazax rayonuna aid 4 kəndin yaxın vaxtlarda Azərbaycana qaytarılması real perspektiv olaraq qalır. Lakin bunun reallaşması Paşinyan hakimiyyətinin siyasi iradəsindən, Ermənistan daxilindəki revanşist qüvvələrin müqavimət səviyyəsindən və regional güclərin prosesə münasibətindən asılı olacaq.
“Paşinyan daxili siyasi sabitliyi qoruya bilsə, bu addım həm Ermənistanın Qərblə inteqrasiyasını gücləndirəcək, həm də Azərbaycanla münasibətlərdə praktik sülh mərhələsinin başlanğıcına çevrilə bilər”, – deyə politoloq yekunlaşdırıb.
8 dəfə oxundu












