Azərbaycan XİN-dən Zaxarovanın sözlərinə – Reaksiya
Yeniavaz.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
“Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub. Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır”, - A. Hacızadə bildirib.
Qeyd edək ki, 27 iyul tarixində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Qvardeysk” gənclər forumunda çıxışı zamanı bu barədə deyib:
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmindən istifadə edilməsinə çağırış etsə də, bunun kimin və nəyə münasibətdə tətbiq olunması sual idi. Təəssüf ki, xoşbəxtlikdən “Dağlıq Qarabağ”ın Ermənistan tərəfindən nə özününkü, nə də müstəqil ərazi kimi tanınmadığı məlumdur. Belə bir şəraitdə KTMT-nin kollektiv təhlükəsizlik mexanizmindən istifadə olunması mümkün deyildi”.
5 dəfə oxundu














