AQTA özü icazə verir, özü də nöqsan tapır

Gundeminfo.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılmış yoxlama zamanı dönərxanada mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb.
Həmin məlumata görə, yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub.
Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, “Al-ASR” əmtəə nişanının sahibləri ölkəyə mal və toyuq ətlərini xaricdən gətirir. Buna səbəb isə xaricdən gətirilən ət və toyuq məhsullarının qiymətinin ucuz olmasıdır. Bundan başqa, bu şirkət əsasən Rusiya, xüsusən də Çeçenistan və Dağıstandan ölkəmizə ət gətirir ki, onun da AQTA-nın nəzarəti və yoxlamasından keçmədən ölkəyə daxil olması mümkün deyil.
Bildirilir ki, xaricdən gətirilən bütün məhsullar məhz AQTA-nın müvafiq rəyi olmadan ölkəyə daxil ola bilməz. Qanuna əsasən, həmin məhsullar laboratoriya analizindən sonra rəy alaraq ölkəyə buraxılmalıdır.
Belə olan halda, Bakıda heç də az məşhur olmayan bir şirkətə məxsus dönərxanada mənşəyi məlum olmayan və tərkibində təhlükəli mikrob olan ətin aşkarlanması AQTA-nın öz ayıbıdır. Çünki onlar ölkəyə dondurulmuş ətin gətirilməsinə rəy və razılıq verən yeganə qurumdur.
O zaman belə bir rəy yaranır ki, AQTA özü mənşəyi məlum olmayan ətlərin ölkəyə daxil olmasında maraqlı olub. Bunu hansı maraqdan dolayı etdiyini isə demək yenə də bu qurumun üzərinə düşür. Çünki gömrükdən mal və məhsul keçirən əksər sahibkarlar AQTA ilə bağlı heç də xoşagələn fikirlər səsləndirmirlər. Onlar bildirirlər ki, bu qurum istədiyi rəyi vermək üçün müəyyən maraqlar güdür.
Hətta məlumatlar var ki, bəzi AQTA əməkdaşları ucuz mal və toyuq ətini ölkəyə idxal biznesində də mövcuddurlar. Yəni, onlar qonşu ölkələrdən aşağı keyfiyyətli ucuz ət taparaq ölkəyə gətirir və AQTA-nın rəyini də asanlıqla ala bilirlər.
118 dəfə oxundu