Tramp: Zelenski Moskvaya zərbə endirməməlidir
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Moskvaya hücum etməməlidir, Vladimir Putin isə 50 gün ərzində atəşkəs sazişinə razılaşmalıdır. Əks halda, sanksiyalar tətbiq olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
Qeyd olunur ki, Tramp bu bəyanatı "Financial Times”ın onun guya Ukraynanı Rusiya ərazisinə daha dərin zərbələr endirməyə təşviq etməsi barədə yazısından sonra verib.
"Moskvaya hücum etməməlidir”, deyə Tramp Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırarkən bildirib. Sual Zelenskinin Rusiya paytaxtına hücum edib-etməməli olduğu ilə bağlı idi.
Tramp bildirib ki, hələlik Putinlə bu bəyanatından sonra danışmayıb. O, eyni zamanda, sazişin 50 günə imzalana biləcəyini istisna etməyib. Lakin ABŞ prezidenti danışıqların planlaşdırılıb-planlaşdırılmadığı barədə heç nə deməyib.
"Əgər 50 gün ərzində saziş bağlanmasa, nəticələr çox pis olacaq”, deyə o, xəbərdarlıq edib.
Daha əvvəl Tramp "hazırda kimin tərəfində olduğu” sualına belə cavab vermişdi: "Heç kimin”. Ardınca isə əlavə etmişdi: "Mən bəşəriyyətin tərəfindəyəm, çünki qətlləri dayandırmaq istəyirəm”.
Qeyd edək ki, Tramp daha əvvəl – 11 iyulda – Rusiyaya dair vacib bəyanat verəcəyini demişdi: "Bazar ertəsi günü Rusiya ilə bağlı mühüm bəyanat verəcəyəm”, – deyə o bildirmiş, təfərrüatları açıqlamadan keçmişdi.
Bazar ertəsi günü isə ABŞ prezidenti Ukrayna ilə bağlı bir sıra açıqlamalar verib. O, silahların üçüncü ölkələr vasitəsilə Ukraynaya göndəriləcəyini elan edib və Rusiyaya qarşı əlavə gömrük rüsumları ilə hədələyib.
35 dəfə oxundu